Gündəm 16.10.2025

Raket təhdidi: Putinin sabahkı kritik görüşü

Raket təhdidi: Putinin sabahkı kritik görüşü
ABŞ prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski sabah ABŞ istehsalı olan Tomahawk raketlərinin ölkəyə satışını müzakirə edəcəklər. Görüşdə bu silahların istifadəsi və tədarük mərhələləri də danışılacaq. Rusiya Prezidenti Vladimir Putinin müharibədəki ən böyük narahatlığına çevrilən bu silahlar, Moskvada dəqiq zərbələr endirmək qabiliyyətinə malikdir. Rusiya bu zərbə vasitələrini havada vura biləcəyini iddia edir. Lakin Kiyevin öz istehsalı olan raketlər və PUA-lar tərəfindən həyata keçirilən hücumların qarşısı alına bilmədiyi kimi, ölkədə neft böhranına da səbəb olub. Tramp bildirib: “Tomahawk inanılmaz, çox aqressiv bir silahdır. Düzünü desək, Rusiyanı çox narahat edəcək.”

PUTİNİN HƏDƏFİNDƏ OLAN RAKETLƏR

Tomahawk raketləri 1970-ci illərdə inkişaf etdirilib. "Aşağı sürətli qanadlı raket" kimi tanınan bu döyüş sursatlarının döyüş başlığının çəkisi təxminən 450 kiloqramdır. Bu o deməkdir ki, onlar demək olar ki, yarım ton partlayıcı maddə çatdıra bilirlər. ABŞ ordusu bu silahları "yüksək dəyərli hədəfləri" vurmaq üçün istifadə edir. Belə ki, neft emalı zavodları, silah anbarları, körpülər və elektrik stansiyaları bu zərbə vasitələrinin əsas hədəfləridir. Vahid qiyməti təxminən 1.7 milyon dollar olan bu raketlərin mənzili 2500 kilometrə qədərdir. Bu əhatə dairəsi, ölkədə mövcud olan ATACMS raketlərindən qat-qat uzaq məsafələri əhatə edir. Moskvaya və onun hüdudlarından kənara asanlıqla zərbə endirə bilirlər. Bu silahlar adətən gəmi və ya sualtı qayıqlardan atılır. Lakin quru ilə bağlı Ukrayna-Rusiya cəbhələrində onlar qurudan atılacaq. Bu raketlərə uyğun xüsusi buraxılış qurğuları da göndəriləcək.

KİYEVƏ NEÇƏ RAKET VERİLƏCƏK?

ABŞ, bu silahları NATO-ya üzv Avropa ölkələri vasitəsilə Kiyevə çatdıracaq, lakin neçəsinin veriləcəyi bəlli deyil. Pentaqon ehtiyatlarının tükənməsi məlumdur. Mütəxəssislər bu barədə fikir ayrılığındadırlar. Jim Taunsend qeyd edib: “Bunları Pentaqon daxilində hazırda müzakirə edirlər.” Ölkəyə təxminən 20-50 raketin göndəriləcəyi ehtimal olunur. Lakin bəzi keçmiş rəsmilər yüzlərlə raketin verilə biləcəyini söyləyirlər. Tramp isə “Bizdə çoxlu Tomahawk var. Kiyev istəyir. Argentina da istəyirmi? Verə bilərik” deyib.

PUTİNİN ZİDDİYYƏTLİ BƏYANATLARI

Rusiya isə bu silahların tədarükünü ABŞ-ın müharibəyə birbaşa qoşulması kimi qiymətləndirir. Rusiya rəsmiləri onların ABŞ hərbçiləri tərəfindən idarə olunacağını iddia edir və bu hərbçilərin Rusiyanın hədəfində olacağını bildirirlər. Bununla yanaşı, Rusiya bu tipli raketləri havada vura biləcəyini təkrarlayır. Halbuki, Ukraynanın raket və PUA hücumları nəticəsində Rusiyanın enerji sektorunda böyük ziyanlar yaranıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ-ın Tomahawk qanadlı raketlərini Ukraynaya verməsi halında, bunun hər kəs, xüsusən də ABŞ prezidenti Donald Tramp üçün pis nəticələri ola bilər. Putin isə Tomahawkların tədarükünü "müharibədə yeni bir mərhələ" kimi qiymətləndirsə də, ziddiyyətli şəkildə "onların müharibədə böyük bir təsir yaratmayacağını" söyləyir. Dünyanın diqqəti ən çox Rusiyanın üzərində olmaqla, sabahkı görüşə yönəlib. NATO, Rusiya və Ukrayna üçün cümə kritik bir gün olacaq.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz