Gündəm 16.10.2025

Milyarder Fərhad Əhmədov yaxtasının həbsiylə bağlı Bakı məhkəməsində dindirildi

Milyarder Fərhad Əhmədov yaxtasının həbsiylə bağlı Bakı məhkəməsində dindirildi

Fərhad Əhmədov "Luna" yaxtası ilə bağlı fırıldaqçılıq işində ifadə verib

Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədov oktyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, Britaniya məhkəməsinin qərarı ilə üzərinə həbs qoyulmuş "Luna" yaxtası ilə bağlı 600 min dollar dələduzluqla əlaqədar ifadə verib. Hadisə Dubayda baş verib.

70 yaşlı iş adamı Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Fransanın "Saur" şirkətinin vitse-prezidenti Anass Derrazın məhkəməsində dindirilib. Bu cinayət işi üzrə daha bir nəfər, Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla beynəlxalq axtarışa verilib. İddiaya görə, onlar birlikdə Fərhad Əhmədovu yaxtasının həbsdən azad ediləcəyi və beynəlxalq sularda yenidən üzməsi təmin ediləcəyi vədi ilə aldadaraq 600 min dollarını mənimsəyiblər.

Milyarderin boşanma və yaxta problemi

Məhkəmədə ifadə verən Fərhad Əhmədov Rusiya vətəndaşı olduğunu bildirib. Onun sözlərinə görə, həyat yoldaşından boşandıqdan sonra keçmiş xanımı ona qarşı əmlak iddiası qaldırıb. Böyük Britaniya məhkəməsi də bu iddiaya baxaraq qərar çıxarıb. Fərhad Əhmədov qeyd edib ki, məhkəmə keçmiş həyat yoldaşının əsassız iddiası əsasında dəyəri 300-400 milyon dollar olan yaxtanın üzərinə həbs qoyulması barədə qərar çıxarıb. Bu barədə Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla digər ölkələrə məlumat verilib və yaxta Dubayda saxlanılıb. O, yaxtanın üzərindən həbsin götürülməsi üçün hüquqi imkanlardan istifadə etmək istədiyini vurğulayıb: "Oğlum Dubayda yaşayırdı. Bu işdə kömək edə biləcək şəxslər axtarırdıq".

Fərhad Əhmədovun dediyinə görə, onlar Anass Derrazla bu barədə danışıblar. Anass Derraz isə öz növbəsində Benalla ilə məsləhətləşib kömək etməyə söz verib. Tərəflər onların beynəlxalq imkanlarından istifadə etmək qərarına gəliblər.

"Nar plantasiyalarımda adamlar 6-7 saat işləyib 20 manat alırlar"

Fərhad Əhmədov bildirib ki, bu iş üçün ondan 6 milyon 140 min dollar pul tələb edilib. Aralarında üçtərəfli müqavilə imzalanıb. Milyarderin sözlərinə görə, razılaşmaya əsasən, ilkin olaraq 600 min dollar ödəniləcək və iş başlayacaq, yaxtanın üzərindən həbs götürüldükdən sonra isə 15 gün ərzində qalan 5 milyon 540 min dollar ödəniləcəkdi.

Fərhad Əhmədov şəxsi hesabından 400 min dolları A.Benallanın, 200 min dolları isə Anass Derrazın hesabına köçürüb. "Nə iş gördülər, nə də pulumu qaytardılar. Deyirdim ki, Göyçayda nar plantasiyalarım var. Orada adamlar 6-7 saat işləyib 20 manat pul alırlar. Siz isə 600 min dollar almısınız, heç bir iş də görməmisiniz. Pulu niyə qaytarmırsınız?", – milyarder narazılığını ifadə edib.

O, məhkəmə qarşısında dayanan Anass Derrazı hüquqşünas kimi tanıdığını, onun mühəndis olduğunu bilmədiyini də əlavə edib.

Təqsirləndirilən Anass Derrazın müdafiəsi

Təqsirləndirilən Anass Derraz özünü təqsirli bilmir. Bundan öncəki məhkəmə iclaslarında Fərhad Əhmədovun pulunun mənimsənilməsi ilə bağlı ittihama münasibət bildirərkən, hüquqi məsləhətlərə və vəkil tapılmasına köməyinə görə pul aldığını deyib. Anass Derraz qeyd edib ki, hüquqşünas olmadığına görə hüquqi prosesdə iştirak etməyib, sadəcə məsləhətlər verib. O, yaxtanın azad olunması üçün Fərhad Əhmədova bir neçə vəkilin kömək etdiyini vurğulayıb. Anass Derraz mühəndis olsa da, hüquqi sahədə təcrübəsi olduğunu və işləri koordinasiya etdiyini, həmçinin onların mandatlı nümayəndəsi olduğunu söyləyib. Məhkəmə araşdırmaları davam edir.

41 yaşlı Anass Derraz əslən Mərakeşdən olsa da, həm bu ölkənin, həm də Fransa vətəndaşlığına malikdir. Ona Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli əmlakı leqallaşdırma) və 32.5, 311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Əhmədov və sanksiyalar

Fərhad Əhmədovun Azərbaycanda bir neçə müəssisəsi, o cümlədən Göyçay rayonunda nar şirəsi istehsal edən zavodu fəaliyyət göstərir. O, Rusiyanın Ukraynaya qarşı müharibəsindən dolayı ABŞ, Böyük Britaniya və Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qalmışdı. 2024-cü ildə milyarder Lüksemburqda Aİ Şurasına qarşı məhkəmə iddiasını udub. Aİ məhkəməsi iş adamına qarşı sanksiyaların ləğvi barədə qərar çıxarıb. Böyük Britaniya da 2025-ci ilin aprelində rusiyalı milyarderi sanksiya siyahısından çıxarıb. "Forbes" jurnalı bir neçə il öncə məhkəmə sistemi haqqında yazılarında Əhmədovun sərvətini 1.7 milyard dollar həcmində dəyərləndirib. Bu il onun sərvətinin 1.6 milyard dollar olduğu bildirilir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz