Gündəm 15.10.2025

Şəmşad Ağaya ailə yasında iştirak qadağası

Şəmşad Ağaya ailə yasında iştirak qadağası

Şəmşad Ağanın Qardaşı Qızının Yas Yerilə Bağlı Vəsatəti Təmin Edilməyib

Oktyabrın 14-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbsdə olan, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) qardaşı qızının yas mərasiminə getməsi ilə bağlı verilmiş vəsatətinə baxılıb. Məhkəmənin qərarına əsasən, hakim həbsdə olan jurnalistin vəsatətini təmin etməyib. Yaxınlarının verdiyi məlumata görə, Şəmşad Ağanın bir neçə saatlıq, konvoy müşayiəti ilə ailəsi ilə görüşməsi üçün müraciət edilmişdi.

Həbsdə Olan Jurnalistin Sağlamlıq Vəziyyəti və Ailəsinin Təminatı

Oktyabrın 13-də "Toplum TV işi" üzrə həbsdə olan III Respublika Platformasının Qurucu Heyət üzvləri Akif Qurbanov və Ruslan İzzətli Şəmşad Ağanın azadlığa buraxılması xahişi ilə prezidentə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunub ki, jurnalistin həyat yoldaşı ağır, həyati təhlükə kəsb edən xəstəliklə mübarizə aparır və buna görə də əməliyyat olunması vacibdir. Bildirilir ki, Şəmşad Ağanın dörd nəfərdən ibarət ailəsi var və himayəsində iki azyaşlı övladı böyüyür. Bu çətin vəziyyətdə ailə başçısı kimi onun həyat yoldaşının yanında olması, müalicəsini təşkil etməsi və övladlarının himayəsini həyata keçirməsi qaçılmaz zərurət yaradır.

“Meydan TV İşi” Çərçivəsində Həbslər və İttihamlar

“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa cari ilin fevral ayında “Meydan TV işi” ilə əlaqədar həbs edilib. 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlı da saxlanılıblar. Daha sonra müxtəlif vaxtlarda Şəmşad Ağadan başqa jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da eyni işə görə həbs ediliblər. Onların hamısı qaçaqmalçılıqda ittiham olunur. Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli hesab etmir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz